AZE ENG RUS

“Azerbaijan Fibro Cement” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti oldu.

Azərbaycanın sənaye sektorunda ən iri layihələrdən biri olan “Azerbaijan Fibro Cement” MMC-nin zavodunun inşası istiqamətində yeni addım atılmışdır. “Azerbaijan Fibro Cement” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu əldə etmişdir. Şirkətlər arasında imzalanmış müqaviləyə əsasən, “Azerbaijan Fibro Cement” MMC sənaye parkının ərazisində müasir texnologiya ilə lifli sement (fibro-sement) lövhələrin istehsalını həyata keçirəcək.

Layihə çərçivəsində ildə 6 mln. m2 fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavod inşa ediləcək. Müasir avadanlıqlarla və innovativ texnologiyalarla təchiz olunacaq zavodda 150-200 nəfərin işlə təmin olunması gözlənilir. İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Yeni yaradılan müəssisənin layihələndirilməsi, müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz olunması Avropanın bu sahədə aparıcı şirkətləri tərəfindən təmin ediləcəkdir.

“Synergy Group” ASC-nin üzvü olan “Azerbaijan Fibro Cement” MMC-nin zavodunda müxtəlif rənglərdə və çeşiddə fasad və dam örtükləri, daxili arakəsmələr üçün nəzərdə tutulmuş fibrosement lövhələri (lifli sement lövhələri) istehsal ediləcəkdir. Fibro sement lövhələr insan sağlamlığına və ətraf mühitə zərəri olmayan, su və nəmişlik keçirməyən, dayanıqlı, uzunömürlü, yanğına qarşı müqavimətli, yüngül, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətinə malik tikinti materialıdır. AFC-nin təklif etdiyi məhsul Azərbaycanın inşaat bazarında bir neçə suala innovativ həll təqdim edəcəkdir. AFC layihəsinin imkanları ölkə iqtisadiyyatına mühüm töhfələr verəcəkdir.